Bürclərin adlandırılması səmadakı ulduzların insanlar tərəfindən xəyali xətlərlə birləşdirilməsindən ortaya çıxıb. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. Bürc olaraq adlandırılan ulduz topalarına ayrı-ayrılıqda nəzər saldıqda heç də həmin xəyali fiqurun alınmadığını görürük.
Bürclər içərisində diqqət çəkən on iki zodiak bürcü xüsusi yer tutur. “Zodiak” yunan sözü olub, “vəhşi heyvanlar” deməkdir. Həmin heyvanların adları belədir: əkizlər, tərəzi, dolça, qız, oğlaq, şir, qoç, xərçəng, balıqlar, əqrəb, oxatan, buğa. Yerin günəş ətrafında fırlanması ilə hər ay günəş bu bürclərdən birində görünür. Günəş qoç bürcündə olduqda yaz; xərçəng bürcündə olduqda yay; tərəzi bürcündə olduqda payız; oğlaq bürcündə olduqda isə qış fəsli başlayır.


